İlham Mirzəyev niyə həbs olundu?

Xəbər verdiyimiz kimi, bu gün teleaparıcı, baxıcı İlham Mirzəyev həbs olunub. O, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.  Artıq məsələyə İ.Mirzəyevin çalışdığı Space televiziyasından münasibət gəlib.

Milli.Az xəbər verir ki, televiziyanın icraçı direktoru Kamil Şahverdiyev qafqazinfo-ya açıqlamasında bildirib ki, İlham Mirzəyevin həbsi ilə bağlı hələlik rəsmi məlumatları yoxdur:  "Saytlardan oxuduğumuz xəbərlərlə kifayətlənirik. Aparıcının həbsinin Space-dəki fəaliyyəti ilə bağlı əlaqəsi ola bilməz. Onun məhkəmə prosesi gedirdi. Ancaq bu həbs həmin məhkəmə ilə bağlı deyil. Tamam ayrı məsələdir. Rəsmi orqanların aparıcının hər hansı cinayətdə iştirakı ilə bağlı açıqlaması olarsa, televiziya rəhbərliyi onun verilişinin taleyi ilə bağlı qərar verəcək".

Qeyd edək ki, İ.Mirzəyev həftədə bir dəfə efirə gedən "Etiraf" verilişinin aparıcısı idi. Onun adı uzun müddət idi ki, müxtəlif dələduzluq hadisələrində hallanırdı.

Bu arada tanınmış teleaparıcı İlham Mirzəyevin həbsinin təfərrüatları bəlli olub. 

Teleaparıcının yaxın dostlarından biri aznews.az-a bildirib ki, İlham Mirzəyevin həbsi artıq neçə müddətdir aralarında münaqişə olan dayısı qızı Aysel Əliyevanın keçmiş həyat yoldaşı Asif Əliyevlə bağlıdır: "Sırağagün məhkəmədə prokuror Asif Əliyevə 5 il iş istədi. Məhkəmə prosesi təxirə düşsün deyə, gecə ilə onu şərləyib həbs etdiriblər. Şəxsən biz çox böyük ehtimalla belə olduğunu düşünürük". 

Xatırladaq ki, İ.Mirzəyevin dayısı qızı Aysel Əliyeva bir müddət Asif Əliyevlə birgə nikahda olub. A.Əliyevanın sözlərinə görə, ailə həyatı zamanı daim keçmiş əri tərəfindən təzyiqə məruz qalıb. Sonda isə onlar boşanıblar. İzdivacın sona çatmasında isə qarşı tərəf, yəni Asif Əliyevin ailəsi İlham Mirzəyevi ittiham edib. Hazırda isə Asif Əliyevin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi qaldırılıb və proses məhkəmə mərhələsindədir. 

Onu da qeyd edək ki, bəzi məlumatlarda İ.Mirzəyevin ona məxsus "İlhammed" klinikasının fəaliyyətində yol verilən qanunsuzluqlarla əlaqədar saxlanıldığı da bildirilir. 

Onu da qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Milli.Az-a bildirib ki, onlarda İlham Əliyevin həbsi ilə bağlı heç bir məlumat yoxdur.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31