“Şəki halvası”ndan telefon çıxdı
10 Aprel 2014 17:21 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3; 144.2.4; 144.2.5; 144.2.6; 66.5 və 228.1. maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Asif Dilavər oğlu Şirinxuba atası Dilavər Həmid oğlu Şirinxubun göndərdiyi bağlamaya baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı "Şəki halvası" qutusunun içərisində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 2 ədəd "Nokia" markalı mobil telefon aparatları, 2 ədəd danışıq kartları, 1 ədəd elektrik qidalandırıcısı və 1 ədəd qulaqcıq aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.