Vilayət Eyvazov insan alverindən danışdı
“Azərbaycanda insan alveri ilə məşğul olan 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib”
31 İyul 2012 18:07 KriminalAzərbaycanda insan alveri ilə mübarizəyə dair statistika açıqlanıb.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov nazirlikdə bu gün keçirilən kollegiya iclasında bildirib ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı əsasında həyata keçirilən tədbirlərlə 65 (+2) fakt aşkarlanıb, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib. Bu növ hüquqazidd əməllərin qurbanı olan 35 şəxs müəyyən olunaraq cəmiyyətə reinteqrasiyası təmin edilib.O, qeyd edib ki, dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri ilə 7 saxta pul hazırlama və ya satma cinayəti aşkarlanıb və qeyri-leqal dövriyyədən ümumi məbləği 22 min manat təşkil edən 2167 ədəd əsginas çıxarılıb.V. Eyvazov həmçinin bildirib ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində texniki sistemlərin tətbiqinin və inzibati tənbehlərin sərtləşdirilməsinin hadisələrin qarşısının alınmasına müsbət təsiri olub. Qəzaların sayında qeydə alınmış 6,3 faiz azalma əsasən sürət həddinin aşılması və nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması kimi xətaların profilaktikasının gücləndirilməsindən irəli gəlib. Ümumilikdə yol hərəkətinə nəzarət prosesində 10,2 faiz çox və ya 450 minə yaxın qayda pozuntusu müəyyən edilib, 1013 şəxsin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Avtoxuliqanlıq etdiyinə görə 299 nəfər, şüşələrinə pərdə və plyonka çəkmiş 4530 sürücü barəsində qanunauyğun ölçülər götürülüb.