Bakıda obyektləri qarət edən mütəşəkkil dəstə zərərsizləşdirilib
7 Aprel 2014 13:26 KriminalBakıda obyektləri qarət edən mütəşəkkil dəstə yaxalanıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda deyilir ki, aprelin 6-da saat 04:40 radələrində Bakı şəhər sakini Fərhad Quliyev Şəmkir rayon sakini Elman Bayramova məxsus N. Nərimanov küçəsində yerləşən marketdən pəncərəni açmaq yolu ilə 35 manat oğurladığı üçün RMİ-nin əməkdaşları tərəfindən yaxalanıb. Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən digər şəxs-Bakı şəhər sakini Rauf Dadaşov da tutulub.
Müəyyən edilib ki, onlar aprelin 3-də gecə Nəzakət Hacıyevaya məxsus İ. Dadaşov küçəsində yerləşən gözəllik salonunda qapını sındırmaq yolu ilə 200 manat, Teyyub Cəfərova məxsus mağazadan idman malları, aprelin 4-ünə keçən gecə isə Bahadur Hüseynova məxsus 8-inci mikrorayonda yerləşən mağazadan açar seçmə və dəmir barmaqlıqları əymə yolu ilə 195 manat və tütün məmulatları oğurlayıb.