İctimai TV-nin “əməkdaşları” yaxalandı
26 Aprel 2012 16:25 KriminalAprelin 24-də saat 09.15 radələrində Şəkidə dələduzluqla məşğul olan iki nəfər saxlanılıb. Lent.az-ın itv.az saytına istinadən verdiyi məlumata görə, rayonun Meşə Mühafizəsi və Bərpası müəssisəsinə gələn Samir Mehdiyev və Təşviqi İsmiəli adlı şəxslər özlərini İctimai Televiziya və Radio Yayımları şirkətinin xəbərlər departamentinin şöbə müdiri və əməkdaşı kimi təqdim ediblər. Onlar müəssisənin direktoru ilə görüşmək istəsələr də, "çağırılmamış qonaqları" direktor müavini baş meşəbəyi Nemət Rəsulov qəbul edib. Samir Mehdiyev və Təşviqi İsmiəli direktoru gözləməyə vaxtları olmadığını bildirərək pul tələb ediblər. Müəssisənin rəhbərliyi həmin şəxslərdən şübhələnib. Bu səbəbdən dərhal İctimai Televiziyanın bölgə müxbiri müəssisəyə dəvət olunub. Söhbət zamanı Samir Mehdiyev və İsmiəli Təşviqinin İctimai Televiziyanın əməkdaşları olmadığı və heç vaxt İctimai TV-də işləmədiyi məlum olub. Bundan sonra Şəki meşə mühafizəsi və bərpası müəssisəsi polisə müraciət edib. Polislərin ilkin araşdırması nəticəsində Samir Mehdiyev və İsmiəli Təşviqinin "Molla Nəsrəddin" qəzetinin əməkdaşları olduğu ortaya çıxıb.
Faktla bağlı Şəki şəhər polis şöbəsində araşdırma davam etdirilir.