Beyləqanın Qaz İdarəsinin rəisi barədə cinayət işi başlandı

Sabir Mustafayev işçilərindən külli miqdarda rüşvət alıb

. Baş Prokurorluq Beyləqan Qaz istismar sahəsinin rəisi barədə cinayət işi başlayıb. Bu barədə "OLAYLAR"a Baş Prokurorluqdan məlumat verilib. Məlumatda bildirilir ki, "Azəriqaz" İstehsalat Birliyinin Beyləqan Qaz istismar sahəsinin rəisi Sabir Mustafayevin qanunsuz hərəkətləri barədə Dövlət Neft Şirkətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Müəyyən edilib ki, Beyləqan Qaz istismar sahəsinin rəisi Sabir Mustafayev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif bəhanələrlə, o cümlədən rayonda abadlıq işlərinin aparılması adı ilə sahənin baş mühəndisi Arif Fərzəliyevdən 1.500 manat, baş mühasib Vaqif Abdullayevdən 250 manat və sahənin digər əməkdaşlarından ümumilikdə 4.095 manat məbləğində pul almaqla fiziki şəxslərin, eləcə də işlədiyi təşkilatın qanunla qorunan mənafelərinə mühüm zərər vurub. Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31