Bələdiyyə sədri 3 il azadlıqdan məhrum edildi
27 İyul 2012 17:14 KriminalBakı Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirli bilinən şəxslərin apellyasiya məhkəməsi başa çatıb. Məhkəmədən "Olaylar"a verilən məlumata görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə elan edilən qərara görə, təqsirləndirilən şəxslər - Səbail bələdiyyəsinin sədri Mübariz İbrahimov, bələdiyyənin hüquqşünası Arif Əlizadə və bələdiyyənin ərazi-tikinti, torpaq komissiyasının sədr müavini Cavid Həsənovun apellyasiya şikayətləri təmin olunmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mübariz İbrahimov 2 il, Arif Əlizadə və Cavid Həsənov 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Xatırladaq ki, ittihama görə, Bakı şəhər sakinləri Almas Xəlilov və Arif Şamilov Baş Prokurorluğun "Qaynar xətt" mərkəzinə müraciət edərək, Səbail rayonunda bələdiyyə rəsmilərinin onlardan rüşvət istədiyini bildiriblər. Şikayətçilər 2007-ci ildə məhkəmə tərəfindən fərdi ev tikmək üçün 0,06 ha torpaq sahəsi ayrılması barədə qərar çıxarıldığını bildirib. Lakin Səbail bələdiyyəsinin rəhbərləri torpaq sahəsində tikinti aparmaq üçün ondan 10 min manat rüşvət tələb ediblər. Sonda 8 min manata razılıq əldə olunub. Şikayətçilər bələdiyyənin hüquqşünasına pulu verəndə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Sonra da dəstənin digər üzvləri saxlanılıb.