37 kq narkotik maddənin sərhəddən keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti tərəfindən 2014-cü ilin fevral ayı ərzində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 37 kiloqram 299 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. DSX Mətbat Mərkəzindən "Olaylar"a verilən məlumata görə, fevral ayının 13-də "Şirvanovka" sərhəd nəzarəti məntəqəsində Azərbaycandan Rusiyaya keçərkən Rusiya Federasiyasının vətəndaşı, 1967-ci il təvəllüdlü Qasımova Zuxra Kamalovnanın üzərinə baxış keçirərkən sinəsində gizlətdiyi 218 qram tiryək və 3 qram metanfetamin adlı dərman preparatı, "Biləsuvar" sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Hüseynova Xəyalə Hüseyn qızının bədənində gizlətdiyi 180 qram heroin aşkar olunaraq götürülüb. Fevralın 14-də Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər İran vətəndaşı, 1987-ci il təvəllüdlü Şəmsəddin Cavanşir İltifat və 1981-ci il təvəllüdlü Şahimüqəddə Həsən 7 kiloqram tiryək, 350 qram heroin, 3270 qram marixuana ilə saxlanılıb. Fevral ayının 15-də İrandan Azərbaycana keçərkən "Astara" sərhəd nəzarəti məntəqəsində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Quliyev Sərxan Əvəz oğlunun üzərinə baxış keçirərkən ayaqqabısının içərisindən 215 qram həşiş, 30 qram tiryək, 5 qram heroin və 6 qram metanfetamin adlı dərman preparatı aşkar olunaraq götürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31