Lökbatanda qazdan kütləvi zəhərlənmə-100 nəfər!

Bakının Qaradağ rayonununLökbatan qəsəbəsindəki Vilayət Əsgərov küçəsində baş verən kütləvi zəhərlənmə nəticəsində Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzə 40 xəstə gətirilib.Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, xəstələrin vəziyyəti hazırda orta-ağırdır:  "Mərkəzə gətirilənlər arasında uşaqlar da var. Onlara ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda mərkəzdə müalicə alanlar böyüklərdir. İlkin məlumatlara görə, hadisə təbii-metan qazından baş verib".
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov isə APA-ya açıqlamasında deyib ki, hadisə yerinə 20-ə yaxın təcili yardım maşını göndərilib. Onun sözlərinə görə, ərazidə təcili yardım briqadaları tərəfindən 100-ə yaxın sakinə ilkin tibbi yardım göstərilib, vəziyyətləri nisbətən ağır olanlar xəstəxanaya göndərilib: "ilk olaraq, hadisə yerinə gəldikdə, ətraf ərazidə kəskin qaz iyi hiss olunurdu. Deyilənlərə görə, təbii qaza vurulan əlavə maddənin normadan artıq olması zəhərlənməyə səbəb olub. İnsanlar həm də təlaşda olublar. Onların hər birinə ilkin tibbi yardım göstərilib. Hazırda ərzidə vəziyyət stabildir və insanlar sakitləşiblər".


Hadisə nəticəsində ölüm faktının qeydə alınmasına gəlincə, M.Həmidov bunun şahidi olmadıqlarını deyib. Onun sözlərinə görə, ətrafda olan insanlar bir nəfərin dünyasını dəyişdiyini deyirlər: "Amma bu fakt hələki təsdiqlənməyib. Ölüm faktı olubsa da, bu təbii qazdan zəhərlənmə nəticəsində olmayıb. Çünki təbii qzın təsiri yüksək olsaydı, ərazidə bir nəfər yox, daha çox sayda insan dünyasını dəyişərdi".

****
Qaradağ Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, zəhərlənmə ilə bağlı müraciət edən 80 nəfər xəstəxanada qeydiyyata düşüb. Onların əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Sakinlərin bildirdiklərinə görə, qəsəbə sakini, 45 yaşlı Natalya Məmmədova bu hadisələr baş verən zaman ölüb.

Ailə üzvləri dərhal təcili tibbi yardım çağırsalar da, qadının həyatını xilas etmək mümkün olmayıb.  Ailə üzvləri onun evdə yatmış vəziyyətdə dünyasını dəyişdiyini bildiriblər. 

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Lökbatan qəsəbəsində yerləşən 15 saylı köməkçi Yardım Stansiyasından APA-ya faktı təsdiqləyiblər.  Stansiyadan bildirilib ki, N. Məmmədovanın qaz zəhərlənməsindən və ya başqa bir xəstəlikdən dünyasını dəyişdiyini hələ müəyyənləşdirmək mümkün olmayıb.

****
22:04
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə baş verib. 

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə qəsəbənin Vilayət Əsgərov küçəsində baş verib. Bu küçədəki 4 beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub.


Sakinlər APA-ya bildirib ki,  bu gün saat 19 radələrində qaz kəsilib. Bir saat sonra isə binalara qazın verilişi yenidən bərpa olunub. Bu vaxt qazdan kəskin qoxu gəlib. Bu qoxu kütləvi zəhərlənməyə səbəb olub.


Məlumata görə, dörd binada yaşayan sakinlərdən 100 nəfərə qədəri zəhərlənib. Hadisə yerinə ilkin olaraq 30-a yaxın təcili tibbi yardım briqadası cəlb olunub. Eyni zamanda sakinlər özləri də şəxsi avtomobillərlə xəstəxanalara müraciət edirlər. 

Hadisə yerinə Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov da gəlib.

İcra başçısı APA-ya bildirib ki, məsələ ilə məşğuldur: "Rayon hüquq-mühafizə orqanlarının, eyni zamanda "Azəriqaz"ın rayon idarəsinin məsul şəxsləri də hadisə yerindədirlər. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək".
Hadisə yerində olan "Azəriqaz" İstehsalat Birliyinin Qaz Satışı İdarəsinin rəisi Vaqif Namazovun bildiridiyinə görə, ilkin araşdırma zamanı təbii qaza vurulan aderant maddəsinin miqdarının qədərindən artıq olduğu müəyyənləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da hadisə yerinə gəliblər. Onlar ərazidə  radioloji, kimyəvi, bioloji, bakteroloji səyyar mobil laborotoriya quruşdırıblar və araşdırmaya başlayıblar.

Hadisə yerində gəlmiş təcili tibbi yardımın həkimlər isə bildiriblər ki, aderantın yaratdığı zəhərlənmə öldürücü deyil. Bu zəhərlənmə xəstədə halsızlıq, başgicəllənmə və ürəkbulanması yaradır, ilkin tibbi yardım göstərilməsindən sonra isə xəstənin vəziyyəti normallaşır.

Xəsətələrin aparıldığı Qaradağ Mərkəzi Rayon Xəstəxanası və 1 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya hadisə nəticəsində ölən olmadığı bildirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31