Qadın çantasında 1014 qram qızıl zinət əşyaları aşkar edildi
26 İyul 2012 13:23 Kriminalİstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Niyar Mehdiyeva gömrük nəzarətindən "yaşıl kanal"la keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılmış və onun yüklərinə "Rapiscan-628" markalı X-Ray aparatı ilə baxış keçirilmişdir. DGK mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, həmin yüklər sırasında qadın çantasına baxış zamanı aparatın monitorunda zərgərlik məmulatlarına bənzər əşyaların təsvirləri əks olunmuş və çantaya təkrar gömrük baxışı keçirilmişdir. Nəticədə, çantadan vətəndaş tərəfindən nə yazılı, nə şifahi, nə də elektron formada bəyan olunan qızıl zinət əşyaları aşkar edilmişdir. İş üzrə izahatında isə vətəndaş N.Mehdiyeva qızıl zinət əşyalarını İstanbulda əldə etdiyini, satış məqsədilə Bakıya gətirdiyini və müvafiq qanunlara yaxşı bələd olmadığı üçün bəyan etmədiyini bildirmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, 585 əyarlı həmin zərgərlik məmulatlarının çəkisi 1014 qram təşkil etmişdir. Faktla bağlı tədqiqat aparılır.