Bakıdakı idman akademiyasında qopan haray...

Akademiya işçisi dolanışıq harayı qoparırdı, amma onu həyata bağlayan bir boru idi ki, o da qopdu...
Bakıda 3 gün əvvəl Bədən Tərbiyəsi və İdman Akademiyasının işçisinin özünü iş yerində öldürməsinin qaranlıq məqamlarına aydınlıq gətirdik. Akademiyada baş laborant işləyən 44 yaşlı Fuad Rzayevin özünü təhsil ocağının 4-cü mərtəbəsindən ataraq həyatına son qoyması səbəbsiz olmayıb. Milli.Az Nərimanov Rayon Polis İdarəsindən məlumat əldə etdi ki, F.Rzayev ölümündən əvvəl məktub yazıb. Həmin məktubda ailə vəziyyətinin pis olduğunu, bu səbəbdən yaşamaq istəmədiyini yazıb. 
F.Rzayevin işlədiyi üzgüçülük kafedrasının müdiri Kamil Əbdülrəhmanov Milli.Az-a açıqlamasında bildirdi ki, onunla ölümündən bir neçə saat əvvəl söhbət etmişdim. Kafedraya gələrək ona tapşırılası işin olub-olmaması soruşdu. Elə bir işi olmadığını bildikdən sonra getdi və günorta dedilər ki, özünü öldürüb.

Kafedra müdirinin sözlərinə görə, hadisə yerinə gələndə onun bədəninə yapışdırdığı üzərinə sözlər yazılmış kağız parçasını görüb: "Xəttini oxuya bilmədim, amma hüquq-mühafizə orqanı əməkdaşları dedilər ki, kağızda ailə vəziyyətinin ağır olduğuna görə özünü öldürdüyünü yazıb. Maaşının artırılmadığını da yazmışdı. Kağızı skoçla bədəninə yapışdırmışdı. Əslində məqsədi heç intihar etmək olmayıb, sadəcə diqqəti özünə cəlb etmək istəyib. Çünki hadisədən əvvəl həmin kağızı üzərinə yapışdırıb, kəndirin bir ucunu istilik radiatoruna bağlayıb, özü isə pəncərədən aşağı sallanıb, lakin radiatorun borusu plastik olduğundan qırılıb".

K.Əbdülrəhmanov əlavə etdi ki, F.Rzayevin iki azyaşlı balası var idi, Əliyar Əliyev küçəsində yerləşən birotaqlı mənzildə yaşayırdı. Həyat yoldaşı her bir yerdə işləmirdi. Baş laborant kimi 190 manat maaş alırdı. Maaşı bu ay artaraq 285 manat olsa da, həmin pulu almaq ona qismət olmadı.

Hazırda faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31