Bakı-Qazax yolunda dəhşətli qəza
İki avtomobil toqquşdu, sürücü diri-diri yanıb öldü
26 Aprel 2012 13:55 KriminalBakıda dəhşətli yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 26-da gecə saat 01:00 radələrində Qaradağ rayonu ərazisində baş verib. Bakı-Qazax avtomobil yolunun 57-ci kilometrliyində "VAZ" markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində minik avtomobilində yanğın baş verib. Nəticədə minik avtomobilinin yanar hissələri yanıb, yük avtomobili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 02:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı minik avtomobilinin sürücüsü - Qədir Qurban oğlu Ağayevin (təvəllüdü göstərilməyib) yanmış cəsədi aşkar olunub. Hadisə yerinə cəlb olunmuş xilasedicilər Q.Ağayevin cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə nəqliyyat vasitəsindən çıxarıb aidiyyəti üzrə təhvil verib, həmçinin, müvafiq təhlükəsizlik tədbirləri görüb. Əməliyyat saat 02:12-də başa çatıb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.