Prokurorluq Xədicə İsmayılovanın istintaqa cəlb edildiyini təsdiqlədi
Jurnalistin “Facebook” səhifəsində yerləşdirdiyi sənədlərlə bağlı araşdırmaların aparılmasına üçün göstəriş verilib
18 Fevral 2014 15:48 KriminalBaş Prokurorluq jurnalist Xədicə İsmayılovanın istintaqa cəlb edilməsi xəbərini təsdiqləyib. Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ANS PRESS-in sorğusuna cavab olaraq bildirib ki, bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi "Facebook" səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlər dərc edilib. Sənədlərin dərc edilməsi və yayılması ilə bağlı Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə Xədicə İsmayılova şahid qismində dindirilməsi üçün istintaqa dəvət edilib.