Astarada yanan bazarın sığorta müddəti 2 həftə əvvəl bitibmiş
18 Fevral 2014 12:03 KriminalFevralın 17-də Astarada yanğın baş verdiyi mərkəzi bazarın sığorta müqaviləsinin müddəti cəmi 2 həftə əvvəl başa çatıb. Lent.az-ın məlumatına görə, bunu fins.az-a açıqlamasında bazarın sığortaçısı olan "Azsığorta" şirkətinin Lənkəran şəhər filialının qəza eksperti Ramil Kərimov bildirib. Onun sözlərinə görə, bazar indiyədək sığortalı olub, amma müqavilənin müddəti bu ilin fevral ayının 4-də bitib. Nəticədə yanğının bütün bazara zərər vurmasına baxmayaraq, yanğına görə sığorta ödənişi buradakı cəmi 2 dükana ödəniləcək. 2 sahibkar üst-üstə 19 min manat alacaq: "Yalnız bazarda yerləşən iki dükana dəymiş ziyan ödəniləcək. Dükanların sahibləri Rəhimov Füzuli Qurbanəli oğluna veriləcək sığorta ödənişi 10 min manat, Əliyev Fərhad Əli oğluna isə 9 min manat miqdarında müəyyənləşib".
Xatırladaq ki, fevral ayının 17-sində Astara şəhərində mərkəzi bazarın yanması nəticəsində xəsarət alan olmasa da, ümumi sahəsi 5 min kvadrat metr olan bazarın 1500 kvadratmetr sahəsi yanaraq sıradan çıxıb. Buradakı mağaza sahiblərinə külli miqdarda ziyan dəyib.