Piyadanı vurub hadisə yerindən qaçmış sürücü istintaqa cəlb edilib

Bakıda piyadanı vurub hadisə yerindən qaçmış sürücü tutulub. Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin mətbuat xidmətlərindən daxil olan birgə məlumata görə, fevralın 9-da saat 19 radələrində Mərdəkan-Bakı şosesinin Xəzər rayonu ərazisində naməlum avtomobilin yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada Afail Güləhmədovu vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində isti izlərlə yol nəqliyyat hadisəsinin "Daewo" markalı "10-TG-944" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məmmədov Elşən Sahib oğlu tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31