Xocavənd və Füzuli istiqamətlərində 10 erməni hərbçisi məhv edilib VIDEO

Son bir həftə ərzində Ermənistan ordusu cəbhənin bu istiqamətində dəfələrlə hücum əməliyyatları keçirib

 Son 1 həftədə ermənilər cəbhə xəttində yenidən fəallaşıb. Xüsusilə gecə saatlarında milli ordumuzun mövqeləri ilə yanaşı təmas xəttində yerləşən yaşayış məntəqələri atəşə məruz qalır. Buna görə də cəbhə xəttində baş verənləri lentə almaq məqsədiylə Ağdamın Orta Qərvənd kəndinə qaranlıq düşəndən sonra gəldik. Sakinlər evlərinə çəkilib. Cəbhədə isə Tək tək atəş səsləri eşidilir.

İşğal altındakı Şıxlar kəndindən Orta Qərvənd ara sıra atəşə tutulur. Qarşı tərəf hədəfi aydın müşahidə etmək üçün uzun məsafəni işıqlandıran xüsusi qurğulardan istifadə edir. Kameramızın işığını görən erməni əsgərləri durduğumuz ərazini də atəşə tutur. Ağdamın güllə mənzilində yerləşən yaşayış məntəqələrindən biri də Çıraqlı kəndidir. Küçələrdə tək-tək insan gözə dəyir. Sakinlərin sözlərinə görə son bir həftədə kənd müxtəlif saatlarda atəşə məruz qalır.

Çıraqlı kənd sakini, Allahverdi Cəfərov: "Son vaxtlar atəşkəs heç dayanmır. Elə gecə-gündüz atırlar. Elə olur 10 dəqiqə, 15 dəqiqə atırlar, az atanda 45 dəqiqə atırlar. Dayanmadan günün nə vaxtı olsa o vaxt atışma var".

Hələlik cəbhədə sakitlikdir. Təmas xəttindəki ölü sükutu isə çaqqalların səsi pozur.

Bir neçə dəqiqədən sonra isə Ermənistan ordusunun əsgərləri də onlara qoşulur.

15 dəqiqə boyunca kənd avtomat və pulemyot silahla gülləbaran edilir. Kənd bələdiyyəsinin sədri Habil Abbasovun sözlərinə görə son 1 həftədə sakinlər əkin sahələrinə belə çıxa bilmir.

Əhmədağalı bələdiyyəsinin sədri, Habil Abbasov: "Əsasən axşamlar olur əsasən iriçaplı silahlardan atırlar. Hətta o dərəcəyə çatıb ki, kəndə gələndə maşınların işığını söndürmək məcburiyyətində qalırıq".

Son bir həftə ərzində Ermənistan ordusu cəbhənin Qarabağ istiqamətində dəfələrlə hücum əməliyyatları keçirib və hər dəfə layiqli cavabını alaraq geri çəkilmək məcburiyyətində qalıb. Əldə etdiyimiz məlumata görə hətta Xocavənd və Füzuli istiqamətlərində qarşı tərəfin 10-a qədər hərbi qulluqçusu da məhv edilib. Hazırda isə cəbhədə gərginlik davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31