Ağdaşda dəhşətli qəza, iki nəfər öldü, 4 nəfər xəsarət aldı
20 İyul 2012 14:24 KriminalAğdaşda 2 nəfərin ölümü, 4 nəfərin ağır yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Ağdaş rayonunun Dəhnə kəndində baş verib. "VAZ-2107", "VAZ-2110" və "Hyundai" markalı 3 minik avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ-2107" markalı avtomobilin sərnişinləri - 1980-ci il təvəllüdlü Ceyhunə Əlisurət qızı Əzizova və 1995-ci il təvəllüdlü Aytac Şahin qızı Əzizova ölüb, 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış C.Əzizovanın və A.Əzizovanın cəsədlərini, habelə 1 nəfər yaralını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən çıxarıb aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:53-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.