Heydər Əliyev Mərkəzindəki yanğın söndürüldü

Bakıda Heydər Əliyev Mərkəzində başlamış yanğının qarşısı tam alınıb. Bu barədə "OLAYLAR"a hadisə şahidləri məlumat verib. Məlumata görə, yanğın saat 13 radələrində ram edilib. Güclü külək nəticəsində yanğın yenidən şiddətlənsə də, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin briqadaları yanğının qarşısını ala bilib. Yanğının söndürülməsinə 5 helikopter cəlb edilib. Baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Oqtay Şirəliyev, nəqliyyat naziri Ziya Məmmədov,Bakı şəhər prokuroru Əziz Seyidov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov və digər aidiyyəti dövlət rəsmiləri hadisə yerindədir. Hadisə yerinə prezident İlham Əliyevin də gəldiyi bildirilir. Hazırda yanğının səbəbləri araşdırılır.
Qeyd edək ki, yanğın iyulun 20-də saat 11:30 radələrində başlamışdı. Yanğının söndürülməsinə 50-dən artıq yanğınsöndürən briqada cəlb edilmişdi. Bina tam olaraq nəzarətə götürülüb və mərkəzin yerləşdiyi ərazidə nəqliyyətın hərəkəti çətinləşib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31