Əli İnsanovun məhkəməsi təxirə salındı

Qərara gəlinib ki, cavabdehin özü və ya nümayəndəsi prosesdə iştirak etmədiyi üçün proses təxirə salınmalıdır

Əli İnsanovun ədliyyə naziri və Penitensiar Xidmətə qarşı iddiası üzrə məhkəmə təxirə salınıb. ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun Nəsimi Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Hakim Sənan Hacıyevin sədrlik etdiyi prosesdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndəsi iştirak edib.
Prosesdə çıxış edən Əli İnsanov isə bildirib ki, iddia ərizəsində cavabdeh kimi həm də ədliyyə naziri Fikrət Məmmədovu göstərib: "Nazir özü prosesə şəxsən gəlməlidir. Ona suallarım var".
Bununla bağlı hakim yerində müşavirə edib.
Qərara gəlinib ki, cavabdehin özü və ya nümayəndəsi prosesdə iştirak etmədiyi üçün proses təxirə salınmalıdır.
Proses yanvarın 31-nə təyin olunub.
Qeyd edək ki, Ə. İnsanov pis şəraitdə saxlanmasını və ona işgəncə verilməsini əsas gətirərək ədliyyə naziri Fikrət Məmmədov və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddia ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. Məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31