Bakıda saxta əskinas hazırlayan mütəşəkkil dəstə yaxalandı

Bakıda daha bir saxta pul kəsən mütəşəkkil dəstə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.  "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən mağazaya gəlmiş Şərur rayon sakini Əsgər Abbasov orada satıcı işləyən İradə Aydəmirovaya 1 ədəd saxta 100 manatlıq əskinas verib 5 manatlıq alış-veriş edərək ona qalıq qaytarılmış 95 manatı alaraq gedib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Abbasov saxlanılıb və onun idarə etdiyi "VAZ-2107" markalı avtomobilə baxış zamanı 11 ədəd eyni nömrəli 100 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb.

Ə.Abbasov saxta əskinasları tanışı Naib Aslanova məxsus mağazada saxladığı "HP" markalı printer vasitəsi ilə hazırladığını bildirib. Baxış zamanı oradan 1 ədəd printer və digər alətlər aşkar edilərək götürülüb.  Faktla əlaqədar cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31