Nazirlər Kabinetinin saxta vəzifəli şəxsinin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində özünü dövlət qurumunun işçisi kimi təqdim edərək vətəndaşların pullarını mənimsəyən Ramil Həsənzadənin cinayət işi üzrə məhkəmə başlayıb. "OLAYLAR"ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı yanvarın 23-nə təyin edilib.
Xatırladaq ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini Ramil Həsənzadənin vəzifəli şəxslərin adından istifadə etməklə vətəndaşlardan böyük məbləğdə pul alaraq mənimsədiyi məlum olub. Ramil Həsənzadə özünü Azərbaycan Respublikası Nazirlər Kabinetinin mövcud olmayan yardım məsələləri üzrə dövlət komissiyaının üzvü kimi təqdim edirmiş. Onun dövlət yardımı ayrılacağı adı ilə Sumqayıt-Bakı yolunun kənarındakı evlərdən birində yaşayan Cəbrayıl rayon sakini Aqil Həsənovdan 17 500 manat, Binə qəsəbəsi ərazisindəki evlərdən birində yaşayan Barat Məhərrəmovdan isə 33 600 manat pul alması müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31