Bakı zindanında ata ilə məktəbli oğulun müəmmalı söhbəti, maşın vədi və asılmış övlad...
8 Yanvar 2014 12:02 KriminalBakının Suraxanı rayonunda ürək sızladan insan faciəsi yaşanıb. Əmircan qəsəbəsində 16 yaşlı məktəbli gözlənilməz halda anasını və zindandakı atasını gözüyaşlı qoyub. Dünən həmin qəsəbədə yaşayan Heybət Bağırov yataq otağında özünü öldürüb. Maraqlısı odur ki, Heybət dünən gecə anası ilə oturub mehriban söhbət edib, hətta anasından ona doğum günündə maşın almasını xahiş edib. Anası da oğlunun sözünü yerə salmayaraq ona yanvarın 10-da ad gününə maşın hədiyyə edəcəyini söz verib. Ana bu şirin dialoqun övladı ilə son söhbəti olmasından xəbərsiz olub. Həmin söhbətdən bir neçə saat sonra oğlunu yataq otağında asılmış vəziyyətdə görüb.
Milli.Az Suraxanı Rayon Prokurorluğundan məktəblinin özünə qəsd etməsi ilə bağlı bəzi məqamları öyrənib. İstintaq intiharın səbəbini hələlik öyrənə bilməsə də, Heybətin həbsdə olan atası ilə görüşdüyünü müəyyən edib. O, bir neçə il öncə narkotiklə bağlı cinayət üstündə məhkum edilən atası ilə ölümündən bir neçə gün əvvəl cəzaçəkmə müəssisəsində görüşüb. Onun atası ilə hansı söhbəti etməsi də istintaqa qaranlıqdır.
Hazırda faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.