Biləsuvarda sürücü yol polisi zabitini vurub qaçıb

Biləsuvarda qayda pozan sürücü yol polisini vurub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə yanvarın 5-də saat 23 radələrində Biləsuvar şəhərinin ərazisində baş verib. "Mercedes" markalı avtomobilin sürücüsü yol hərəkət qaydasını kobud surətdə pozduğu üçün orada xidmətdə olan RPŞ DYPB-nin baş inspektoru, polis leytenantı Ramal Ağaməmmədov "saxla" işarəsi verib. Sürücü tabeçilik göstərməyərək avtomobillə R.Ağaməmmədovu və xidməti "BMW" markalı avtomobili vuraraq hadisə yerindən qaçıb. Görülmüş tədbirlər nəticəsində Astara şəhər sakini Zamir Şəfiyev idarə etdiyi "Mercedes" markalı avtomobildə saxlanılıb.  R.Ağaməmmədov xəstəxanaya yerləşdirilib. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31