Azərbaycanda korrupsiya faktı ilə axtarılan 14 nəfər həbs edilib, 7 nəfər isə ölkəni tərk edib

2012-ci ilin I yarım ili ərzində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 141 cinayət işinin ibtidai istintaqı aparılıb. "OLAYLAR"ın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, onlardan 160 şəxs barəsində 82 cinayət işi baxılması üçün məhkəməyə göndərilib: "Məhkəməyə göndərilən cinayət işlərindən 98 şəxs barəsində 41 iş ağır cinayətlər məhkəməsinə, 62 şəxs barəsində 41 cinayət işi rayon və şəhər məhkəmələrinə göndərilib. Həmin cinayət işləri əsasən rüşvət alma- passiv rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, səhlənkarlıq, talama, dələduzluq və digər faktlarla əlaqədar olub. Məhkəmələrə göndərilən 82 cinayət işi üzrə ibtidai araşdırma mərhələsində hüquqi və fiziki şəxslərə dəymiş 7 milyon 484 min 241 manat məbləğində ziyanın ödənilməsi təmin edilib. Məhkəmədə baxılmış cinayət işləri üzrə təqsirləndirilən şəxslərdən bəraət alanı olmayıb".
K. Əliyev qeyd edib ki, hesabat dövründə idarənin şöbələrindən daxil olan 104 əməliyyat tapşırığı icra olunub, axtarışda olan 21 şəxsdən 14 nəfəri tutulub istintaqa təhvil verilib. Hazırda axtarışda olan 7 şəxsin Azərbaycanın hüdudlarından kənarda olması müəyyən edilib və onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31