Zaqatalada diş texnikinin evinə silahlı basqın edən maskalı şəxslərdən biri həbs edilib
Əliyev Ramin Ramiz oğlu Heydər Əliyev Beynəlxalq Hava Limanında ölkədən qaçmaq istəyərkən saxlanılıb
27 Dekabr 2013 15:11 KriminalAzərbaycanın Zaqatala rayonunda diş texnikinin evinə silahlı basqın edən maskalı şəxslərdən biri həbs edilib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Şamaxı rayon sakini, 1978-ci il təvəllüdlü Əliyev Ramin Ramiz oğlu Heydər Əliyev Beynəlxalq Hava Limanında ölkədən qaçmaq istəyərkən saxlanılıb. O, axtarışda olduğu üçün pasportunu dəyişib və özünə Cəfərov familiyası götürüb. Lakin R. Əliyevin planı baş tutmayıb.
Qeyd edək ki, dekabrın 5-dən 6-na keçən gecə saat 04.00 radələrində, Zaqatala rayonunun Danaçı kənd sakini, 1952-ci il təvəllüdlü Qurban Məhəmməd oğlu Qurqunayevin evinə gələn 3 nəfər naməlum maskalı şəxslər ev sahibini həyat yoldaşı və gəlininin gözü qarşısında döyərək pul tələb ediblər. Naməlum şəxslər ev sahibini döydükdən sonra evdə olan külli miqdarda pulu götürərək hadisə yerindən qaçıblar.
Zərərçəkənin qohumları APA-nın yerli bürosuna bildiriblər ki, evə basqın edən şəxslər silahlı olub. Onlar ev sahibini döyərək evdən 50 min manat, 3 min ABŞ dolları, 700 min Rus rublu və 40 min manat dəyərində qızıl-zinət əşyalarını götürərək qaçıblar.
Baş vermiş hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən digər şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, basqına məruz qalan Q. Qurqunayev diş texnikidir. apa