Xaçmazda qətlə yetirilən iş adamının qatili 3 ildir ki tapılmır

Nəcimə Babayevanın ölümü ilə bağlı cinayət işi hələ də bağlı qalıb

2010-cu il sentyabrın 15-də, Xaçmaz rayonunun Muskal küçəsi, 15 ünvanında yerləşən şəxsi üçmərtəbəli mənzilinin birinci mərtəbəsində naməlum şəxs və ya şəxslər tərəfindən küt alətlə vurularaq qətlə yetirilən, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, Xaçmazdakı "Arzu" Ticarət Mərkəzinin sahibi, 73 yaşlı Nəcimə Babayevanın qətli ilə bağlı başlanmış cinayət işi hələ də bağlı qalıb. Bu barədə "OLAYLAR"a mərhum iş adamının oğlu Fuad Həbibov məlumat verib. Onun sözlərinə görə, hadisə ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlansa da, 3 ildən artıqdır ki, qətli törədən şəxs tapılmır: "Hadisə ilə bağlı cinayət işi başlandı, Xaçmaz rayon Prokurorluğu cinayəti açmaqda maraqlı olmadığı üçün Baş Prokurorluğa müraciət etdik. 5 gün sonra iş Xaçmaz rayon Prokurorluğundan alındı və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verildi. Amma bu günə qədər hələ də cinayət işinin gedişində irəliləyiş yoxdur. Hər dəfə müstəntiqlə telefon əlaqəsi saxlayırıq ki, bəlkə yenilik ola. Amma təəssüf ki, heç bir yenilik yoxdur. Xatırladaq ki, Nəcimə Babayeva öldürülməmişdən əvvəl mərhum sahibkarın Xaçmaz məmurları ilə məhkəmə mübahisəsi var idi. Rayonun yüksək rütbəli məmurları "Arzu" Ticarət Mərkəzinin Nəcimə Babayevanın qanuni mülki olmasına baxmayaraq bazarı onun əlindən almaq istəyirdilər. Amma bütün məhkəmə instansiyaları bazarın Nəcimə Babayevaya məxsus olması barədə qərar çıxararaq sahibkarın hüquqlarını müdafiə etmişdilər. Nəcimə Babayevanın ölümündən sonra isə bazarın ərazisinin guya sahibkar tərəfindən qanunsuz özəlləşdirilməsi ortaya atılmış və məhkəmə qanunsuz iddiaları təmin etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31