Bir sıra işbazlar ölkəyə insan sağlamlığına mənfi təsir edən fişəng və digər pirotexniki mallar gətirir
Dövlət Gömrük Komitəsi məlumat yayıb
26 Dekabr 2013 13:21 KriminalSon zamanlar, xüsusilə bayram günləri öncəsi bəzi üzdəniraq işbazlar mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə pirotexniki və tezalışan mallar gətirirlər. Respublikamızın gömrük orqanları bu kimi halların qarşısını almaq məqsədilə mütəmadi olaraq əməliyyat tədbirləri həyata keçirir. Belə ki, bu günlərdə Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsi və Aksiz Gömrük İdarəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, "Nəriman" metrostansiyası yaxınlığında Azərbaycan Respublikası vətəndaşı Abdullayev Elxan Elman oğlu saxlanılmış və onun idarə etdiyi "10-GC-006" dövlət nömrə nişanlı, "Vaz-21074" markalı avtomobilə baxış keçirilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan və yük yerindən avtomobildə sərnişin qismində əyləşmiş Azərbaycan Respublikası vətəndaşı, 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Hacıyev Rauf Məhəmməd oğluna məxsus mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən xeyli miqdarda yaylım fişəngləri, pirotexniki və tezalışan mallar aşkar olunaraq götürülmüşdür. Daha bir fakt Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkarlanmışdır. Əldə olunmuş əməliyyat məlumatı əsasında "İpək Yolu" Terminalında Gvasalıa Revaz Mixayloviçin idarə etdiyi "SCANİA" markalı IAI 831/QZ 821 dövlət nömrə nişanlı avtomobilin üzərində Çin Xalq Respublikasından daxil olmuş konteynerə gömrük baxışı həyata keçirilmiş və bu zaman Yük Gömrük Bəyannaməsində qeyd edilən oyuncaq yükündən əlavə, bəyan edilməmiş 87540 ədəd müxtəlif adda fişənglər, 40000 ədəd partlayıcı pitarda və pirotexnik məmulatları aşkar edilərək götürülmüşdür. ("Olaylar"İA)