Bakıda daha iki gizli qumarxana aşkarlandı

Azərbaycanda daha iki qanunsuz qumarxana aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri C.Naxçıvanski küçəsi, ev 49-da paytaxt sakini Aslan Hüseynzadənin "AZBET" adlı idman mərc və "on-line" sistemi ilə qumar oyunları təşkil etməsi müəyyən edilib. Baxış zamanı oradan 1200 manat dəyərində 99 ədəd "AZBET" sözü yazılmış və müştərilər tərəfindən alınmış kupon qəbzlərinin kötükləri, 2 ədəd kompyuter, 2 ədəd printer, 2 ədəd barkod qurğusu, müştərilərdən qanunsuz idman mərc qumar oyunlarının  kuponları üçün alınmış pul və digər ləvazımatlar aşkar edilərək götürülüb. Həmin gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri 3-cü mikrorayon, ev 19 "B"-də şəhər sakini Səbuhi Nəsirovun "Mançester" adlı idman mərc və "on-line" sistemi ilə qumar oyunları təşkil etməsi müəyyən edilib. Baxış zamanı oradan 374 manat dəyərində 64 ədəd "Mançester" sözü yazılmış və müştərilər tərəfindən alınmış kupon qəbzlərinin kötükləri, 2 ədəd kompyuter, 2 ədəd monitor, müştərilərdən qanunsuz idman mərc qumar oyunlarının kuponları üçün alınmış pul və digər ləvazımatlar aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31