Məhkumun baş örtüyündə heroin aşkarlanıb
24 Dekabr 2013 12:41 KriminalPenitensiar xidmətin və 15 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə narkotik vasitələr aşkar olunaraq götürülüb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1962-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.2; 234.4.3; 66.3 və 67.5 maddələri ilə təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Babaəli Sahib oğlu Talıbovun şəxsi əşyalarına özünün iştirakı ilə baxış keçirilib. Baxış zamanı ona məxsus çantadakı idman paltarına aid baş örtüyündə gizlədilmiş 7(yeddi) ədəd sellofan bükülüdə ümumi xalis çəkisi 3,940 qram olan narkotik maddə - "heroin" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.