Böyürtkən mürəbbəsindən tiryək çıxdı
23 Dekabr 2013 12:18 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmətinin və Qobustan həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan 1991-ci il təvəllüdlü, Şəki Appelyasiya Məhkəməsinin 13.03.2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4; 317-2 və 66.3 maddələri ilə təqsirli bilinərək 06 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Nurlan Azər oğlu Sadıxzadənin yanına gəlmiş tanışı, 1989-cu il təvəllüdlü, Bakı şəhəri Sabunçu qəsəbəsi Ə.Cavad küçəsi ev5/1 ünvanında qeydiyyatda olan vətəndaş Anar Mehman oğlu Bayramovun üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı böyürtkən mürəbbəsi olan bankanın içərisində yerləşdirilərək gizlədilmiş ümumi xalis çəkisi 40,438 qram olan narkotik maddə - "tiryək" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.