Mərkəzi Neftçilər Xəstəxanası yanğınla bağlı açıqlama verdi

“4-5 kvadratmetr yer yanıb, ciddi maddi ziyan dəyməyib”

Dekabrın 16-da Bakıda Mərkəzi Neftçilər Xəstəxanasında baş vermiş yanğın hadisəsi zamanı xəstəxanaya ciddi ziyan dəyməyib. Bu barədə "OLAYLAR"a açıqlamasında xəstəxananın hemodializ şöbəsinin müdiri Oqtay Məmmədzadə məlumat verib. Şöbə müdiri deyib ki, hadisə hemodializ şöbəsinin yerləşdiyi mərtəbədə anbarda qısaqapanmadan baş verib: "Səhər saat 8.00 radələrində birinci mərtəbədə anbar var, orda baş verib hadisə. Orda elektrik şitindəki qısaqapanma nəticəsində yanğın hadisəsi baş verib, anbara yığılan kağızlar yanıb. Hadisəni xəstəxananın işçiləri görüb və Fövqəladə Hallar Nazirliyinə məlumat verib, dərhal da yanğının qarşısı alınıb. Hadisə nəticəsində 4-5 kvadratmetr ərazi yanıb".

Oqtay Məmmədzadə bildirib ki, bəzi kütləvi informasiya vasitələri hadisəni şişirdilmiş şəkildə ictimaiyyətə çatdırmaqla ajiotaj yaratmaq istəyib. Amma əslində elə bir ciddi yanğın hadisəsi baş verməyib: "Yazırlar ki, guya 138 nəfər təxliyyə olunub, xəstələr xilas edilib. Birincisi həmin hadisə səhər 8.00 radələrində baş verib, həmin vaxt xəstəxanada o qədər adam hardan idi? İkincisi də, həmin hadisə baş verən şöbədə ümumiyyətlə, xəstə olmur. Bura elə bir şöbədir ki, burda xəstələr ambulator müalicə alır".

Şöbə müdiri bildirdi ki, hadisə nəticəsində dəymiş ziyan hesablanır, hələ tam dəqiqləşdirilməyib: "Amma, inanmıram ki, o qədər ciddi ziyan dəysin xəstəxanaya. Çünki, hadisə nəticəsində heç bir tibbi avadanlıq yanmayıb. Sadəcə bir iki kağız, salfet və digər xırda əşyalar yanıb. Belə düşünürəm ki, ümumilikdə dəymiş ziyan 150-200 manatdan artıq olmaz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31