Qəbələdəki silahlı insident zamanı xəsarət almış şəxs: "O, mənə 5 dəfə atəş açdı" - FOTO
14 Dekabr 2013 09:37 Kriminal5 güllə yarası alan 26 yaşlı Zöhrab Cavadovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir
Qəbələ rayonunda baş vermiş silahlı insident zamanı xəsarət alan Qəbələ şəhər sakini, 1987-ci il təvəllüdlü Cavadov Zöhrab Cavad oğlu Qəbələ rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Zöhrab Cavadov APA-ya bildirib ki, o, alış-veriş etmək üçün "Qəbələ" ticarət mərkəzinə gəlib və bu zaman ona hücum edilib:
"Mən orada olanda, sakitçilik idi. Qəflətən "Ford" markalı maşından düşən bir nəfər odlu silahla ticarət mərkəzinə hücum etdi. O, əlindəki "Vinçester" markalı tüfənglə iki dəfə atəş açmağa cəhd etsə də, alınmadı. Onun yanında olduğum üçün silahı əlindən almağa çalışdım. O, mənə 5 dəfə atəş açdı, yerə yıxıldım. Sonra o, ətrafdakıları güllələdi. Gözümün qarşısında ticarət mərkəzinin rəhbərini və işçisini öldürdü".
Bədənindən 5 güllə yarası alan Zöhrab Cavadovun vəziyyəti hazırda orta-ağırdır.