“Laçın” da saxta qızıl məmulatları aşkarlanıb
16 İyul 2012 16:12 Kriminal"Laçın" Ticarət Mərkəzində aparılan dövlət əyar nəzarəti zamanı kütləvi pozuntular aşkar edilib. Maliyyə Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən "Laçın" Ticarət Mərkəzində aparılan reydlər zamanı külli miqdarda keyfiyyətsiz qızıl məmulatları müəyyən edilib. Belə ki, araşdırmalar zamanı dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, yuksək əyar adı altında aşağı keyfiyyətli zərgərlik məmulatlarının istehlakçılara təklif edilməsi faktlarının kütləvi xarakter daşıdığı bir daha müəyyən edilib. Adı çəkilən Ticarət Mərkəzində fəaliyyət göstərən Məmmədov Emil Mahal oğluna məxsus obyektdə aparılan yoxlama zamanı satışda olan bütün məmulatların, yəni 907 ədəd zərgərlik məmulatının dövlət əyar damğası ilə damğalanmadığı müəyyən olunub. Alıcılara təklif edilən həmin zərgərlik məmulatlarının 786 ədədi, yəni 87 %-nin əyarlarının, məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktları aşkarlanıb.