"Buta Palas"ın arxasındakı meşə od tutub

Yanğınsöndürənlər bir neçə saat işləsələr də, 300 metrdən artıq ərazini söndürmək mümkün olmayıb

Suraxanı rayonunda güclü yanğın başlayıb. Şahidlərin Anspress-ə verdikləri məlumata görə, "Buta Palas"ın arxa hissəsində Şuşa qəsəbəsinə düşən yolun sağ tərəfindəki meşə ərazisi yanır. Təxminən 2-3 saatdır davam edən yanğını söndürmək üçün hadisə yerinə 7-8 yanğınsöndürən maşın cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi və polisin ərazidə işlədiyi bildirilir. Yanğın təxminən 300 metr ərazini əhatə edir. Hazırda yanğınsöndürənlər yanğının başqa ərazilərə də yayılmasının qarşısını almaq məqsədilə yanğının baş verdiyi yeri qazaraq ətrafdan təcrid etməyə çalışırlar.

Baş vermiş yanğın nəticəsində xəsarət alan yoxdur. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Yanğınla bağlı Suraxanı Rayon Polis İdarəsindən məlumat almaq istəsək də, onlar ərazinin Sabunçu rayonuna, Sabunçu rayon Polis İdarəsi isə Suraxanı rayonu ərazisinə düşdüyünü deyərək hadisə barədə məlumatlı olmadıqlarını bildirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31