Zaqataladakı insidentlə bağlı hələ heç kəs tutulmayıb

"Rayon polis idarəsi gücləndirilmiş iş rejimində işləyir. İnsidentlə bağlı şübhəli şəxslər də müəyyənləşdirilib, ancaq hələlik onlar da saxlanılmayıb"

Zaqatala rayonunda 4 nəfərin güllələnməsi ilə bağlı hələ heç kəs tutulmayıb. ANS PRESS-in verdiyi xəbərə görə, bunu Zaqatala rayon polis idarəsinin növbətçisi Rövşən Məmmədov bildirib.Onun sözlərinə görə, hələ güllə atan şəxs və ya şəslərin kimliyi məlum olmayıb. "Bu hadisə ilə bağlı rayonda əməliyyat-axtarış tədbirləri davam etdirilir. Cinayətkarların tutulması üçün rayon polis idarəsi gücləndirilmiş iş rejimində işləyir. İnsidentlə bağlı şübhəli şəxslər də müəyyənləşdirilib, ancaq hələlik onlar da saxlanılmayıb".Zaqatala rayon prokuroru İlham Həsənəlizadə telefonla söhbətində bildirdi ki, məlum hadisə ilə bağlı hələ heç kəs tutulmayıb. İlham Həsənəlizadə əlavə etdi ki, əməliyyat sirri olduğuna görə digər məlumatlar vermək səlahiyyətində deyil.Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Soltanov da "Zaqatalada baş verən insidentlə bağlı əlavə məlumatlar olacağı təqdirdə mətbuata informasiya veriləcək" sözlərini dedi.Baş verən silahlı insident nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. Onlardan biri Balakən rayonunun Mahmalar kənd sakini, 1981-ci il təvəllüdlü Cəfərov Vasif Rafiq oğlu, digəri 1979-cu il təvəllüdlü Bakı sakini Hüsənov Kamil Şamil oğludur.Naməlum şəxslər atəş açan zaman avtomobildə 4 nəfər olub. Hadisə nəticəsində onların hamısı yaralanıb. İlkin məlumata görə, xəstəxanaya aparılarkən yaralılardan 3-ü yolda ölüb.Bildirək ki, noyabrın 24-də günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yolun kənarında 99 FG 128 dövlət nömrə nişanlı, "Hyundai" markalı maşına avtomatdan atəş açılıb. Atəşə tutulan avtomobilin Balakən rayonunun Qullar kənd sakini, 1991-ci il təvəllüdlü Əliqayev Vüsal Xəlil oğluna məxsus olduğu açıqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31