Adam oğruları bəraət istəyir

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirli bilinən Vüsal İsbatov, Mirsəfa Mirbabalı, Əliağa Mirzəyev və Nübar Tarverdiyevanın apelyasiya şikayəti üzrə məhkəmə keçirilib.

"OLAYLAR"ın məlumatına görə, ötən il iyulun 31-də özlərini iş adamı kimi təqdim edən şəxslər Samir Hüseynovu birgə iş qurmaq adı ilə naməlum ünvana dəvət ediblər. Həmin yerə gəldikdən sonra oradakı 3 kişi və 1 qadın bıçaqla onu hədələyərək əllərini bağlayıb və onun azad olunması üçün 500 min dollar tələb ediblər. Fiziki təzyiq nəticəsində Samir Hüseynovun tanışları 150 min dollar gətirib. Pul verildikdən sonra həmin şəxslər hadisə yerindən gediblər. Zərərçəkən isə qollarını açaraq polis bölməsinə gəlib və orada girov saxlanılması ilə bağlı şikayət edib. Polisin keçirdiyi əməliyyat nəticəsində Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Vüsal İsbatov, Mirsəfa Mirbabalı, eləcə də Əliağa Mirzəyev və Nübar Tarverdiyeva saxlanılıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliağa Mirzəyev 13 il 6 ay, Vüsal İsbatov 12 il 6 ay, Mirsəfa Mirbabalı 11 il, Nübar Tarverdiyeva 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmin hökmdən təqsirləndirilən şəxslər narazı qalıblar və apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində bildiriblər ki, birinci instansiya məhkəməsi tərəfindən işlərinə düzgün baxılmayıb. Təqsirləndirilən şəxslər barələrində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş ediblər. Hakim Abid Abdinbəyovun sədrlik etdiyi kollegiyada baxılan ilkin baxış iclasında təqsirləndirilən şəxslər apelyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmaqla baxılmasını xahiş ediblər. Lakin məhkəmə onların apelyasiya şikayətlərini təmin etməyib və apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edilib. İlkin baxış iclasının qərarından təqsirləndirilən şəxslər Ali Məhkəməyə kassasiya şikayəti ediblər. Onlar şikayətlərində Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarının dəyişdirilməsini və işlərinə məhkəmə istintaqı aparılmaqla baxılmasını xahiş ediblər. Buna görə də apelyasiya instansiyasında işin icraatı qeyri müəyyən vaxtadək təxirə salınıb və cinayət işinin materialları baxılması üçün Ali Məhkəməyə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31