Arvadının başına qantel vurub öldürdü
20 Noyabr 2013 16:22 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən 37 yaşlı Şahin Bağırovun məhkəməsi başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. İttihama görə, Şahin Bağırov idman vəsaiti - qantellə 28 yaşlı həyat yoldaşının başından vurub. Qadın elə yerində keçinib. Bir ay əvvəl Şahin Bağırov həyat yoldaşı ilə məhkəmə yolu ilə ayrılıb. Onların birgə nikahlarından üç övladları olub. Boşanmaya baxmayaraq, onlar birlikdə yaşamağa davam ediblər. Məhkəmə keçmiş ər-arvadın əmlakını bölməyib. Məhz əmlak zəminində Şahin Bağırov və keçmiş həyat yoldaşı tez-tez mübahisə edirlərmiş. Hadisə baş verən günü onlar yenə də evə görə mübahisə ediblər. Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Şahin Bağırov ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, qadın onun var-dövlətindən çox şeyə iddia edirmiş: "Buna görə də dözmədim, qantellə keçmiş arvadımın başından vurdum. Törətdiyim əməlimdən peşmanam". Məhkəmə noyabrın 27-də davam edəcək.