Maşın ustasını öldürən şəxs məhkəmə qarsısında
20 Noyabr 2013 16:20 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Astara rayon sakini, 1958-ci il təvəllüdlü Aydın Qəhrəmanovun cinayət işi üzrə məhkəmə başlayıb. "OLAYLAR"ın məlumatına görə, 2012-ci ilin dekabrın 3-də Aydın Qəhrəmanov Lökbatan qəsəbəsində 1964-cü il təvəllüdlü İsa Hüseynovu qətlə yetirib. Aydın Qəhrəmanov hadisədən sonra polis tərəfindən saxlanılıb. Maşın ustası olan İsa Aydınla mübahisə edib. Bu zaman Aydın bıçaqla ona bir zərbə vurub. Bir bıçaq zərbəsi öldürücü olub. Aydın Qəhrəmanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham edilir. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə Aydın Qəhrəmanovun vəkili Nazim Kərimov bildirib ki, cinayət işi ilə tanış olmayıb. O, cinayət işi ilə tanış olması üçün prosesin başqa günə təyin edilməsini xahiş edib. Məhkəmə noyabrın 29-da davam etdiriləcək.