Baş prokurorun adından istifadə edən dələduz həbs edildi

Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Bərdə şəhər sakini, 1964-cü il təvəllüdlü Nazim Məmmədlinin cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun şikayətinə baxılıb. "OLAYLAR"ın məlumatına görə, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Baş Prokurorluğun şikayəti üzrə qərar elan edilib. Qərara görə, prokurorluğun protesti təmin edilib və Bərdə rayon Məhkəməsinin hökmü ləğv edilib. Məhkəmə Nazim Məmmədlinin barəsində yeni hökm elan edib. Yeni hökmə əsasən, Nazim Məmmədli 10 ay 7 gün müddətinə azadlıqdan məhrum edilib. Nazim Məmmədli məhkəmə zalında həbs edilib.

Nazim Məmmədli Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilib və Bərdə rayon Məhkəməsinin hökmü ilə Nazim Məmmədli 3 min manat cərinə cəzasına məhkum edilib. Nazim Məmmədli 2012-ci ilin yanvar-may aylarında Bərdə şəhəri Nizami küçəsi bina 2, mənzil 6-da yaşayan Şəhla Hüseynovanın etibarından sui-istifadə edib. Onun Rusiya Federasiyasının Sıktıvkar Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirmiş qızı Svetlana Hüseynovanın Azərbaycan Respublikasının Prokuroru vasitəsi ilə Bakı şəhər Nəsimi rayon prokurorluğuna işə düzəldəcəyini vəd edib. O, bu vədi ilə Şəhla Hüseynovanı aldadaraq, 3000 ABŞ dollarını ələ keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31