Hər il dünyada yol qəzalarında 1,3 milyon insan ölür
“Təxirəsalınmaz tədbirlər görülməlidir”
19 Noyabr 2013 17:58 KriminalBeynəlxalq Mətbuat Mərkəzində Ümumdünya Yol Qəzaları Qurbanlarının xatirə günü ilə bağlı tədbir keçirilib. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, "Digesta" hüquq firması və Jurnalistika və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə millət vəkilləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib. Tədbirdə respublikanın avtomobil yollarında insanların ölümü və xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin videogörüntülərindən ibarət "Gəlin təhlükəsizliyimizi bilikdə təmin edək!" adlı film nümayiş etdirilib. Bildirilib ki, bu ilin 10 ayında respublikada 2426 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 971 nəfər ölüb, 2558 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölkə ərazisində piyadaların vurulması ilə nəticələnən 921 hadisə qeydə alınıb. Nəticədə 328 nəfər dünyasını dəyişib, 671 nəfər yaralanıb.
Tədbirdə çıxış edən millət vəkili Jalə Əliyeva bildirib ki, yol qəzasında ölənlərin sayının ən azı hər gün artması narahatlıq doğurur: "Dövlət Yol Polisi əməkdaşları hər zaman öz vətəndaşlarını qoruyur. Sadəcə polisdən, yoldan, maşından hər şey asılı deyil. Bizim özümüzdən də çox şey asılıdır. Daha diqqətli və məsuliyyətli olmalıyıq. Bundan başqa qəzaların bir səbəbi də sürücü mədəniyyətinin hələ tam formalaşmamasıdır. Bu məsələ ilə bağlı da tədbirlər aparılmalıdır. "Yol hərəkəti haqqında" Qanuna edilən son dəyişikliklərdən sonra bu sahədə müəyyən müsbət dəyişikliklər baş versə də, yetərli deyil. Bu məsələdə ilk növbədə maarifləndirməyə və yol qəzalarının sayının qarşısının alınması üçün profilaktik işlərin görülməsinə diqqət artırılmalıdır".
Hüquqşünas Ərşad Hüseynov isə bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hələ 2010-cu ildə açıqladığı məruzədə qeyd olunur ki, il ərzində 1,3 milyon insan yol qəzalarında həlak olur: "Dünyada mövcud avtoparkın 70 faizi inkişaf etmiş ölkələrin payına düşsə də, yol qəzalarının cəmi 20 faizi bu ölkələrdə baş verir. Məsələn, İranda əhalinin hər 100 min nəfərindən 25 nəfəri yol qəzalarında ölürsə, Yaponiyada bu rəqəm 4, Skandinaviya ölkələrində isə cəmi 3 nəfər təşkil edir. Düşünürük ki, Azərbaycanda yol-nəqliyyat hadisələrinin səbəbləri dərindən araşdırılmalı və təxirəsalınmaz tədbirlər görülməlidir".
Samir