Şəkidə dəhşət: ana öldü, ata və iki körpə ağır yaralandı

Şəkidə baş verən ağır yol qəzasında ailənin  bir üzvü ölüb, daha  üç üzvü isə yaralanıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəza Şəki-Qax yolunun Şəki rayonunun  Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki rayonu, Aşağı Göynük kənd sakini  Zamanov Süleyman Zəkəriyyə oğlu idarə etdiyi "VAZ 2106" markalı, 44-BB-104 dövlət nişan nömrəli avtomobillə  Aşağı Göynük kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb.

Baş vermiş qəza nəticəsində avtomobilin sürücüsü Süleyman Zamanov, onun həyat yoldaşı, 1982-ci il təvəllüdlü Salamova Ülviyyə Süleyman qızı, uşaqları-2007-cı il təvəllüdlü Zamanov Zəkəriyyə Süleyman oğlu və 2006-cı il təvəllüdlü Zamanova Şahzadə Süleyman qızı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. 

Həkimlərin  səylərinə baxmayaraq, Ülviyyə Salamovanın  həyatını xilas etmək mümkün olmayıb. Süleyman Zamanovun və onun iki azyaşlısının vəziyyəti isə orta ağır hesab olunur. Onlar Şəki MRX-nın reanimasiya və cərrahiyə şöbələrinə yerləşdiriliblər.

Faktla bağlı  Şəki Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31