Gülər Əhmədova: "Sizə söz verirəm, ölməyəcəyəm" - YENİLƏNİB
“Sevinc dedi ki, Gülər pulu qaytarmır”
12 Noyabr 2013 15:02 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə prosesdə Gülər Əhmədova çıxış edib. O, bir il 2 aydır şər-böhtan nəticəsində həbsdə olduğunu deyib: "Kişilərə üzümü tutub birinci və axırıncı dəfə açıqlama verirəm. Elşadın iddia elədiyi kimi, bizim mandat alveri söhbətimiz olmayıb. Orada heç bir vəzifəli şəxsin adı çəkilməyib. Vaxt gələcək, görəcəksiniz ki, mən deyənlər düz idi. Elşadın qurbanlarının sayını mətbuata ötürəcəyəm. Mən sizdən xahiş edirəm, haqqımda yalan şeylər yazmayın. O, mühacir adı almaq istəyir. Təəssüf ki, onu buraya gətirə bilmirlər. Mən buradan çıxandan sonra onu Fransada tapıb məhkəməyə verəcəyəm, həbs etdirəcəyəm. Sevincin ailəsini o maliyyələşdirir. Lakin mən onun təhdidlərinə əyilən deyiləm. Mənim haqqımda proqnoz verməyin. Sizə söz verirəm, ölməyəcəyəm. Mən Sevinc deyiləm. Onun maskasını yırtacağam". Daha sonra prosesdə Sevinc Babayevanın bacısı Vəfa Babayeva ifadə verib. Şahid bildirib ki, bacısı Gülər Əhmədova ilə toyuq kababı yeyib, ondan sonra zəhərləndiyini deyib: "Ondan sonra Sevincin vəziyyəti yaxşılaşmadı. Həkimlər deyirdilər, dərdinin nə olduğunu bilmirlər".
Sonra V.Babayeva sualları cavablandırıb. Bildirib ki, Gülərlə Sevincin rəfiqə olduqları barədə məlumatı olub: "Sevinc zəhərlənən vaxt dedi ki, Elşadla Gülərin pul söhbəti olub, ona görə küsüblər, lakin artıq barışıblar. Türkiyəyə gedəndən sonra isə zəng elədi. Dedim bu, nə məsələdir, niyə bizi biabır elədin? Səni televizorda göstərirlər. O da dedi ki, bir oyundur, düşüb. Dedi ki, mənə heç nə olmaz, Gülər arxamda dayanıb. Bacım Təranə ilə Ayxan Türkiyədən Sevincin yanından gələndə dedilər ki, onun vəziyyəti pisdir, arıqlayıb. Səlcuq adlı bir kişi onun danışıqlarına qulaq asır. Bayıra buraxmır. 2012-ci ildə mən ay yarım bacımın yanında qaldım, onu tək buraxmaq istəmirdik. Sentyabrın əvvəllərində ona zəng gəldi. Sevinc telefonda həmin adama dedi ki, Gülərə deyib, pulu qaytaracaq. Sonra da başladı ağlamağa. Mənə deyirdi ki, Elşadla pul məsələsi var. Gülər pulu qaytarmır. Gülərə də, Elşada da qarğış edirdi. Deyirdi ki, Gülər pulu qaytarsaydı, o da problem yaşamazdı. Bacım deyirdi ki, bu elə məsələdir ki, danışa bilməz. Danışsa, öldürərlər. Sevinc Elşaddan və Gülərdən qorxurdu. Sevinc evdə tək qalanda da qorxurdu, gecələr şam işığında otururdu. Tez-tez mənə deyirdi ki, gözlükdən bax gör, kimsə yoxdur? Sevinc Türkiyədə olanda video haqqında danışmağa və onun adını çəkməyə qoymurdu. Sevinc Türkiyədə olanda anam Gülərə zəng elədi ki, Sevincin axırı necə olacaq? Gülər də dedi ki, Sevinci müalicəyə göndərib, etibarlı əllərdədir".
Proses davam edir.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.