Neftçala Rayon İcra Hakimiyyəti vəzifə şəxslərinin qanunsuz hərəkətlərinə görə cinayət işi açılıb
6 Noyabr 2013 16:39 KriminalNeftçala Rayon İcra Hakimiyyəti başçısının Tatarməhlə inzibati ərazi vahidliyi üzrə nümayəndəliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Maliyyə Nazirliyindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı sözügedən nümayəndəliyin vəzifəli şəxsləri tərəfindən 2012-2013-cü illərdə vəfat etmiş şəxslərin adlarının dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək yardım siyahılarına daxil edilərək, onların plastik kartlarına vəsait köçürülməsində, vətəndaşların mülkiyyətində və icarələrində olan torpaq sahələri barədə müvafiq təsdiqedici sənədlər olmadığı halda və becərilmiş əkin yerlərinin sahələrini sənədlərdə süni surətdə şişirtməklə əlavə yardım məbləğlərinin hesablanaraq artıq ödənilməsində və digər qanun pozuntularına yol verilməsi nəticəsində dövlətə 53.4 min manat məbləğində ziyan vurulmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.Hazırda iş üzrə istintaq davam etdirilir.