Rüşvətə görə daha bir həbs...
10 İyul 2012 20:51 KriminalƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədrinin qanunsuz hərəkətləri barədə Abşeron rayonu sakininin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Müəyyən edilib ki, komissiyanın sədri Eldəniz Cahangirov rayon sakininə 2-ci qrup müddətsiz əlillik dərəcəsinin təyin edilməsi üçün ondan 500 manat məbləğində rüşvət tələb edib. Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində iyulun 9-da E.Cahangirov komissiyanın inzibati binasında vətəndaşdan 500 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.Fakta görə E.Cahangirov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. E.Cahangirov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir. Məlumatı Baş Prokurorluğun rəsmi saytı yayıb.