"İran-Azərbaycan" marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasının qarşısı alınıb

Son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan şəxslər ifşa edilmiş, onlardan ümumilikdə 212 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bu barədə MTN-in İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.
Belə ki, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində, 1967-ci ildə Göyçay rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı Abdullayev Nadir Məhəmməd oğlu və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə 210 kiloqram həşişi Moskva şəhərinə gətirərkən yaxalanmışlar. Müəyyən edilmişdir ki, həmin narkotik vasitələr əvvəlcədən əldə olunmuş razılığa əsasən qaçaq yolla Avropa ölkələrindən birinin ərazisinə keçirilmiş və sonradan oradan satış üçün Rusiya Federasıyasına idxal olunan güllərin içərisində gizlədilmişdir.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində "İran-Azərbaycan" marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasının qarşısı alınmış, Azərbaycan Respublikasının vətəndaşları - Məmmədova Leyla Həsən qızı və Qodunova Lyubov İvanovna şübhəli şəxs qismində tutulmuşlar. Onlardan təxminən 205 qram heroin aşkar edilərək götürülmüşdür.
Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində "İran-Azərbaycan" marşrutu üzrə narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Allahverdiyev Vüsal Natiq oğlu, İsmayılov Yasim Yusif oğlu və Məmmədov Məhəmmədli Elgiz oğlu şübhəli şəxs qismində tutulmuş, onlardan narkotik vasitə olan 1 kiloqram 762 qram qurudulmuş marixuana aşkarlanaraq götürülmüşdür.
Bütün faktlarla bağlı cinayət işləri başlanılmış, adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.Cinayət işləri üzrə bütün halların araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31