Zaqatalada daha 2 nəfər göbələkdən zəhərləndi
Bazar baytar sanitar ekspertiza labaratoriyasının müdiri Cəmalləddin Rəcəbov bazarda göbələk satışının dayandırıldığını bildirib
30 Oktyabr 2013 18:15 KriminalÖtən gün Zaqatala Mərkəzi rayon Xəstəxanasına daha iki sakin göbələk zəhərlənmə ilə müraciət edib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, zəhərlənmədə şübhəli bilinən hər iki rayon sakini dərhal Bakı şəhər 1 saylı Klinik Xəstəxananın toksikologiya şöbəsinə göndərilib.
"Bizə yenə iki nəfər müraciət etdi, onlar da göbələk yemişdilər. Onlarda demək olar zəhərlənmə əlamətləri çox hiss olunmurdu. Sadəcə yüngül ürəkbulanmadan şikayət edirdilər. Amma öz arzuları ilə müayinə üçün Bakıya getmək istədilər. Mən də onlara məsləhət gördüm ki, çox düzgün hərəkət edirsiz. Gedin müayinədən keçin və göndərdik", - deyə Zaqatala rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri İlham Nəsirov bildirib.
Qeyd edək ki, son bir həftə ərzində rayonda göbələk zəhərlənməsilə müraciət edənlərin sayı 10 nəfərə çatıb. Onlardan bir ailənin iki azyaşlı uşağı dünyasını dəyişib. Bu səbəbdən rayon bazarında baş vermiş zəhərlənmə faktı ilə bağlı göbələk satışına qadağa qoyulub. Bazar baytar sanitar ekspertizası labaratoriyasının müdiri Cəmalləddin Rəcəbov açıqlamasında son hadisələrdən sonra bazarda göbələk satışının müvəqqəti dayandırıldığını bildirib.
"Bazara göbələk gətirən vətəndaşlar zəhərli göbələklə, zəhərsizi göbələyi ayıra bilmirlər. Ona görə də, zəhərlənmə halı müşahidə olunub. Ona görə də, biz müvəqqəti olaraq vəziyyət sabitləşənə qədər göbələk satışına qadağa qoymuşuq", - deyə Cəmaaləddin Rəcəbov bildirib.Satıcılar da məlum hadisədən sonra bazara göbələk gətirilməsinə qadağa qoyulmasını təsdiqləyib. ans