Orxan Zeynalovu ələ verənə 1 milyon rubl verildi

Rusiyanın Moskva üzrə Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəhbəri Anatoli Yakunin azərbaycanlı Orxan Zeynalovun ələ keçirilməsində kömək qarşılığında 1 milyon rubl mükafat verib. Lent.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, mükafatın kimə ödənildiyi açıqlanmır.
Daha öncə O. Zeynalovun yaşadığı mənzilin sahibinin 1 milyon rublla mükafatlandırılacağı bildirilirdi. Habelə, mətbuatda O. Zeynalovun tutulmasına öz qohumlarının kömək göstərdiyi yazılmışdı.
Qeyd edək ki, Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 10-da Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakov adlı gənci öldürməkdə şübhəli sayılır. Hadisədən 3 gün sonra rus millətçiləri azərbaycanlıların çalışdığı "Pokrov" bazarına hücum çəkib, çoxlu sayda insana xəsarət yetirilib, ticarət mərkəzinə ciddi maddi ziyan dəyib. Rusiya polisi oktyabrın 16-da Orxan Zeynalovu Moskva ətrafındakı Kolomna yaşayış məntəqəsində həbs edib. Orxan Zeynalovun həbsi zamanı hüquq-mühafizə orqanlarının kobud davranışı Azərbaycanda ciddi etiraz doğurub. Orxan Zeynalov məhkəmədə Yeqor Şerbakovu qətlə yetirmədiyini söyləyib. Yeqor Şerbakovun rəfiqəsi Kseniya Papova isə qətli Orxan Zeynalovun törətdiyini iddia edib. Oktyabrın 17-də Moskvanın Presnensk Məhkəməsi Orxan Zeynalovun 2 ay müddətində həbs edilməsi barədə qərar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31