Bakıda ailə cinayəti: oğul anasının gözləri qarşısında arvadını öldürdü

Ana övladının qəzəbinin faciə ilə bitəcəyini heç gözləmirdi. Gözləri qanla örtülmüş oğul əlinə bıçaq alarkən onu dünyaya gətirən anasına da məhəl qoymayıb. Bakının Binəqədi rayonunda 36 yaşlı Nəsib Hüseynov anasının gözləri qarşısında bıçağı 27 yaşlı həyat yoldaşı Aygünün ürəyinə sancıb. Şuşa şəhərindən məcburi köçkün kimi Novxanı qəsəbəsində yerləşən "Şəfəq" pansionatında məskunlaşan N.Hüseynovun həyat yoldaşı ilə mübahisəsi yaranıb. Binəqədi Rayon Polis İdarəsindən milli.az-a bildirildi ki, əsəbi halda olan ər əvvəlcə Aygünü döyüb. Bu zaman Nəsibin anası onları sakitləşdirməyə çalışsa da, istəyi baş tutmayıb. Nəsib bıçaqla Aygünün ürəyinə bir zərbə vurub. Həmin zərbə iki azyaşlı uşaq anası olan Aygünün həyatını yarıda kəsib. Yaşadığı pansionatın yaxınlığındakı mağazada işləyən Aygün ailə-məişət münaqişəsinin qurbanı olub. Polis artıq N.Hüseynovun qollarına qandal vurub. İstintaq iki uşaq anasının qətlinin səbəbini araşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31