Baş Prokurorluq və DİN iki cinayət hadisəsi barədə məlumat yaydı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Mingəçevir və Suraxanıda törədilən ağır cinayət hadisələri ilə bağlı birgə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumata görə, ölkədə baş verən ağır və xüsusilə ağır cinayətlərin açılması, təqsirkar şəxslərin tutulub məsuliyyətə cəlb edilməsi istiqamətində daxili işlər və prokurorluq orqanları tərəfindən son günlər bir sıra uğurlu əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilib.
Xəbər verildiyi kimi, cari il iyunun 27-də Mingəçevir şəhər sakini Xəyalə Xəlilovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Fakta görə həmin tarixdə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. "İsti izlər"lə müəyyən edilib ki, həmin cinayəti aralarında yaranmış şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə həmyerlisi Qurbani Şəfiyev törədib. Aparılan təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Q. Şəfiyev yaxalanıb. O, ifadəsində X. Xəlilovanı balta ilə baş nahiyəsindən vuraraq qəsdən öldürdüyünü, həmçinin mənzildən "Nokia" markalı mobil telefonu götürərək hadisə yerindən qaçıb gizləndiyini təsdiq edib. Q. Şəfiyev təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Digər cinayət hadisəsi paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Belə ki, iyunun 22-də saat 17 radələrində Bülbülə qəsəbəsində yaşayış evində baş vermiş yanğın nəticəsində vətəndaş Zibeydə Məmmədovanın yanmış meyiti aşkar edilib. Meyitə baxış zamanı mərhumun bədəni üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Samir Səlimov tərəfindən törədildiyi müəyyən edilib. S. Səlimova Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham irəli sürülməklə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib. Hər iki cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31