Ayaqqabısında türməyə telefon keçirmək istədi
21 Oktyabr 2013 15:39 KriminalPenitensiar Xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1984-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3 və 317-2.2 maddələri ilə təqsirli bilinərək 9 il 7 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəqani Vidadi oğlu Ağayevin yanına qısa müddətli görüşə gəlmiş vətəndaş Saleh Cahid oğlu Abdullayevin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı ayağında olan ayaqqabının içərisində xüsusi üsulla düzəldilmiş yerdən 1 ədəd "Nokia C-5-00" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.